Azərbaycan Prezidenti İlham Əliyev 15.09.2017-ci il tarixdə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında 3236 nömrəli sərəncam imzalayıb.Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.Həmin Dövlət proqramının 5.1.11. bəndində yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalma, eləcə də ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının qarşılanması mərasimlərinin təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.“Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.Bununla bağlı olaraq xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mədəni-kütləvi tədbir təşkil edilib. Xocalı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yanvarın 10-da keçirilən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasiminin iştirakçıları öncə qəsəbədə ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edən natiqlər hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik ediblər. Qeyd edilib ki, bu gün gənclərimiz dövlət qarşısında Konstitusion borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Çağırışçılara nümunəvi xidmət etməyi arzulayıblar.Bədii proqramla davam edən tədbirin sonunda çağırışçı gənclər Azərbaycan bayrağına ehtiramlarını bildirərək ordu sıralarına yola düşüblər.